İçeriğe geçmek için "Enter"a basın

UNEC ilə Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq memorandumu imzalanıb Son xəbərlər


Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov rəhbəri olduğu ali təhsil müəssisəsinin Azərbaycan İnvestisiya Holdinqi ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Ədalət Muradov çıxışında universitet və iş dünyası arasında əməkdaşlığın vacibliyindən söz açaraq bu sahədəki problemlərə toxunub: “İşəgötürənlər əmək bazarının tələblərinə cavab verən mütəxəssis çatışmazlığından şikayətlənirlər, universitetlərə isə işəgötürənlərin tələbləri ilə bağlı təkliflər daxil olmur. Həllini gözləyən problemlərdən biri də ondan ibarətdir ki, iş dünyası qısamüddətli dövr ərzində keçilən təlimlər nəticəsində əldə olunan sertifikatları ixtisas dərəcəsi kimi qəbul etmir. Azərbaycan İnvestisiya Holdinqi bu təşəbbüsü dəstəkləyərsə, ictimai müzakirələrə “yaşıl işıq” yandırmaq olar və bununla da təhsil xidmətləri bazarının inkişafına əlavə stimul vermiş olarıq”.

Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov bu qurumda çalışanların 22 faizinin məhz UNEC məzunu olduğunu diqqətə çatdırıb. Ruslan Əlixanov iş dünyasının təhsil müəssisələri ilə əlaqələrindən, məzunlardan tələb olunan səriştə və bacarıqlardan söz açıb. UNEC ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Çıxışlardan sonra rektor Ədalət Muradov və baş icraçı direktor Ruslan Əlixanov əməkdaşlıq haqqında memorandumu imzalayıblar.

Memorandumda menecment, bank işi, maliyyə və korporativ idarəetmə sahəsində tədbirlərin və “Recruitment day”in təşkili, “Qeyri-akademik transkript” layihəsində iştirak, tələbələrin bilik və bacarıqlarının davamlı inkişafını təmin edən layihələrin icrası, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Həmçinin tələbələrin Azərbaycan İnvestisiya Holdinqində təcrübə proqramlarına və işə cəlb olunması, sifarişli layihə, dissertasiya və elmi tədqiqat işlərinin yazılması, job.unec.edu.az platformasında vakansiyaların elan edilməsi, UNEC-in Bloomberg Maliyyə laboratoriyasının imkanlarından istifadə, birgə distant təlimlərin təşkili, sosial məsuliyyət kəsb edən layihələrin icrası, konfrans, təlim, ustad dərsləri və seminarların təşkili, eləcə də digər istiqamətlər üzrə əməkdaşlıq imkanları memorandumda yer alıb.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir