İçeriğe geçmek için "Enter"a basın

Bakı ilə Pekinin sürətləndirdiyi proses: Azərbaycan-Çin münasibətlərində qlobal effekt – ŞƏRH + FOTO Son xəbərlər


Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xarici siyasətinin əsas cəhətlərindən biri qlobal güclərə münasibətdə balansın qorunmasıdır. Belə ki, rəsmi Bakı həm Qərb, həm də Şərqlə normal münasibətləri olan aktorlardandır. Azərbaycanın Şərqlə münasibətlərinin əsas istiqamətlərindən birini məhz Çinlə əlaqələrin təşkilidir. Çin Xalq Respublikasının (ÇXR) Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin mayın 14-də Azərbaycana səfəri ilə bu məqam bir daha öz əksini tapıb. S.Yueyuenin Prezident İlham Əliyevlə görüşü zamanı dövlət başçısı mühüm mesajlar verib. Ölkə lideri bildirib ki, Azərbaycan öz milli maraqlarına əsaslanan siyasət həyata keçirir. Prezident vurğulayıb ki, Si Cinpinin rəhbərliyi ilə ÇXR-in, o cümlədən, Çin iqtisadiyyatının əldə etdiyi nailiyyətlər dost və tərəfdaş kimi Azərbaycanı da sevindirir. Çinin dünya iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayan dövlət başçısı bunun qlobal iqtisadiyyatın inkişafı üçün çox vacib olduğunu deyib.

Azərbaycanla Çin arasında ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə məhz iqtisadi kontekstlə bağlıdır. Hələ 2013-cü ildə Çin lideri Si Cinpin tərəfindən irəli sürülən məşhur “Bir kəmər-bir yol” layihəsi ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynayır. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan Çinin bu meqa-layihəsini dəstəkləyən ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma memorandumu imzalanıb. Bu Memorandum iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün istiqamətləri müəyyənləşdirib. Azərbaycan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrstruktur layihələri Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır, bu isə Çindən Avropaya yük daşımaları üçün yeni marşrutdur. Azərbaycanın mövqeyinə görə, bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan isə Çinə daşınması üçün ən qısa yoldur. 2015-ci ilin avqustunda Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib.

Bundan başqa, 2015-ci ildə ikitərəfli ticarət dövriyyəsi 561 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə bu rəqəm 975 milyon, 2017-ci ildə 1 milyard 298 milyon, 2018-ci ildə 1 milyard 310 milyon, 2019-cu ildə isə 2 milyard 184 milyon dollara yüksəlib. Bu rəqəm hər ötən il daha da artır.

Bakı və Pekin arasında nəqliyyat-logistika, iqtisadi-enerji sahələrində həyata keçiriləcək layihələr xeyli intensivləşib. Azərbaycan-Çin münasibətlərinin mühüm inkişafı enerji, elektroenergetika sektorunda da özünü qabarıq göstərir. Bu kontekstdə Çinin müvafiq şirkətləri Azərbaycanın enerji sektoruna xüsusi maraq göstərir.

“Yaşıl enerji” Çinlə Azərbaycan arasında inkişaf etməkdə olan münasibətlərin mühüm istiqamətlərindən biridir. “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında Çinin “Dongfang” şirkətinin iştirakı, “Acwa Power” şirkətinin Azərbaycanda yaşıl enerji ilə bağlı inşa etdiyi stansiyanın texniki təminatında Çin şirkətlərinin rolunu rəsmi Bakı yüksək qiymətləndirir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan-Çin əməkdaşlığı sadəcə, nəqliyyat-logistika sahələri ilə məhdudlaşmır. Bu əlaqələr bir çox istiqamətləri əhatə edir və həyata keçirilməkdə olan layihələrin miqyası hər keçən il daha da genişlənir. Bütün bunlar iki ölkənin də maraqlarına cavab verir. Elə o səbəbdən, qarşıdakı dövr ərzində Azərbaycan-Çin münasibətlərinin daha dinamik inkişafı gözlənilir.

Əlbəttə, inkişaf edən iqtisadi əlaqələr həm də siyasi münasibətlərə də təsir göstərir. Bu gün Bakı ilə Pekin arasında iqtisadi əlaqələrin inkişafı Azərbaycanın Çinin ciddi təsir imkanlarına malik olduğu Mərkəzi Asiya regionunda öz sözünü deməsinə də kömək edir. Bu isə özlüyündə Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr arasında inteqrasiyaya, həmçinin Zəngəzur dəhlizi vasitəsilə meqalayihələrin icrasına özünəməxsus töhfə verir.

Prezident İlham Əliyev çıxışı zamanı onun da bildirdi ki, Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. Dövlət başçısı vurğulayıb ki, dünyada hələ də separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyaları özünü büruzə verməkdədir. Rəsmi Bakının bu mövqeyinin bir səbəbi Çinlə ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasıdırsa, digər səbəbi Azərbaycanın özünün də vaxtilə separatizmdən əziyyət çəkməsidir. Həmişə beynəlxalq hüquqa hörmətlə yanaşan rəsmi Bakı bu məsələdə də hər zaman prinsipial mövqedən çıxış edir.

Ümumiyyətlə, Azərbaycan-Çin münasibətləri dinamik inkişaf məcrasına keçib. Təsadüfi deyil ki, ölkələr arasında müxtəlif səviyyələrdə təmaslar artıb. Bu, onu deməyə əsas verir ki, hər iki ölkə əlaqələrin daha da genişləndirilməsində eyni dərəcədə maraqlıdır.

Düşünmək olar ki, ikitərəfli münasibətlərin inkişafı bundan sonra da dönməz xarakter alacaq. Bu isə yalnız ikitərəfli planda deyil, həm də qlobal miqyasda müsbət qiymətləndirilməli hadisədir. Çünki Azərbaycanın Çinlə əlaqələri Rusiya, İran və Qərb ölkələri ilə əlaqələrə də təsir edir. Bu gün beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzunu qəbul etmək istəməyən imperialist qüvvələr bilməlidirlər ki, Azərbaycan kimsədən asılı olmadan tamamilə müstəqil siyasət yürüdür və tərəfdaşlarını məhz özü seçir.

“Report” İnformasiya Agentliyi


Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir