İçeriğe geçmek için "Enter"a basın

CAR səfiri: Cənubi Qafqazda daimi sülhün təşviqi üçün beynəlxalq diplomatik səylərə hazırıq – MÜSAHİBƏ Son xəbərlər


Cənubi Afrika Respublikası (CAR) yarım əsrə yaxın azlıqda olan ağdərililərin siyasi və iqtisadi üstünlüyünü qoruyub, aparteid üsul idarəsi olub. Afrikalıların qənaətinə görə, adı əfsanəyə çevrilən Nelson Mandellanın rəhbərliyi ilə aparılan gərgin mübarizədən sonra – 1994-cü ildə bu zülmə son qoyulub. Təsadüfi deyil ki, CAR bu gün Afrika qitəsinin sabit və inkişaf etmiş ölkələrindən biridir.

– Hörmətli səfir, Cənubi Afrika Respublikası bu il azadlığının 30 illiyinə qədəm qoyur. Bu günün tarixi və əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

– Bu il Cənubi Afrikanın Azadlıq Günü “Demokratiya, Tərəfdaşlıq və İnkişafın 30 İlliyi” mövzusu altında qeyd olunur. 27 aprel 1994-cü il bizim üçün olduqca əhəmiyyətli bir gündür: bu tarixdə millət olaraq qaranlıq və qəddar apatiya sistemindən (hər şeyə etinasız, laqeyd, irqi ayrı-seçkilik – red.) qurtulub yeni şəfəqə – demokratiya, birlik-bərabərlik və hamıya hörmət dəyərləri üzərində qurulan cəmiyyətə keçidi qeyd edirik. Lənət rejimin zülmünə məruz qalan bir xalq olaraq biz inanırıq ki, 30 illik bu yolçuluğumuz dünyaya azadlıq və demokratiyanın əhəmiyyətini yayır.

– Azərbaycanla ölkəniz arasındakı siyasi əlaqələri necə qiymətləndirirsiniz?

– Cənubi Afrika ilə Azərbaycan həm Qoşulmama Hərəkatı, həm Qrup-77 (G-77) beynəlxalq təşkilatlarına üzvdürlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsaslan Paris Sazişini imzalayıb. Bunları və digər əməkdaşlıqlarımızı nəzərə alaraq deyə bilərəm ki, siyasi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Hər iki ölkə ikitərəfli münasibətləri gücləndirmək və qarşılıqlı maraq doğuran çoxtərəfli məsələlər üzrə əməkdaşlıqları asanlaşdırmaq barədə razılığa gəliblər.

Xanım səfir, Azərbaycanda diplomat kimi fəaliyyətinizin əsas istiqamətləri nələrdir?

– Cənubi Afrika Respublikasının Azərbaycanda akkreditə olunmuş səfiri kimi mənim vəzifəm iki ölkə arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasına gətirib çıxaran fəaliyyətlər təşkil etmək, əsas prioritet sektorlar üzrə saziş layihələrinin bağlanması istiqamətində məsləhətləşmələrə dəstək olmaq və bu kimi digər xidmətlərdir.

– Sizcə, iki ölkə arasında əlaqələrin inkişafı üçün hansı sahələrə üstünlük vermək olar?

– Biz müdafiə, vergi, hava nəqliyyatı və enerji əməkdaşlığı sahələrində sazişləri yekunlaşdırmaq üzrə işlərə davam edirik.

– Bəs mədəni əlaqələr haqqında nə deyə bilərsiniz? Bu sahənin inkişafı, humanitar sahədə xalqlarımız arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fəaliyyətlər varmı?

– Bu günə qədər insanlarımız idman, elm, tibbi turizm və digər sahələrdə əlaqələr qurublar. Bunları daha da genişləndirmək mümkündür. Çünki hər iki ölkə zəngin mədəniyyətə malikdir.

– Cənubi Afrika Azərbaycandan əsasən hansı məhsulları alır?

– Cənubi Afrika Azərbaycandan neft yağları – reaktiv mühərriklər üçün kerosin yanacağı, bitkilər, parfümeriya üçün toxumlar, elektrik maşınları üçün izolyasiya fitinqləri, ayaqqabılar və s. kimi məhsullar alır.

– Bəs bizim ölkə CAR-dan nə idxal edir?

– Cənubi Afrikadan Azərbaycana meyvələr, hind qozu, fındıq, sitrus meyvələri və qovun qabıqları; elektrik maşın və avadanlıqları, diktofon və reproduktorlar, televizor, mexaniki qurğular, nüvə reaktorları, isidici qazanlar; qiymətli metallar, nadir torpaq elementlərinin üzvi və ya qeyri-üzvi birləşmələri, optik, fotoqrafik, kinematoqrafiya məhsulları, nəzarət, ölçmə cihazları, tibbi və cərrahi avadanlıq; təyyarə və kosmik gəmilərin hissələri, müxtəlif yemək preparatları, qeyri-üzvi kimyəvi maddələr və s. ixrac edilir.

– İki ölkə arasında birbaşa uçuşların açılması gözlənilirmi?

– Səfirliyimizə biznes, elmi-akademik, turizm, idman, tibb və s. sahələrdə Azərbaycandan hər il 300-dən çox viza müraciəti olur. Birbaşa uçuşun olması gələcəkdə mühüm addım ola bilər.

– Bilirsiniz ki, Azərbaycan 30 illik işğaldan sonra 2020-ci ildə torpaqlarını azad etdi. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsi dağıntılardan təmizlənir və orada geniş bərpa-yenidənqurma işləri aparılır. Müxtəlif ölkələrdən şirkətlər də prosesdə iştirak edir. Cənubi Afrika Respublikası da bu prosesə cəlb oluna bilərmi?

– CAR sülh və ədalət naminə istənilən səyləri dəstəkləyir və Qarabağdakı vəziyyətlə bağlı biz müvafiq çoxtərəfli forumlarda öz mövqeyimizi bildirməyə davam edirik. Biz Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpası yönündə inkişafları alqışlayırıq və bu cəhdlərlə münaqişənin daimi həllinin tapılacağına ümid edirik. Hərbi əməliyyatların dayandırılması istiqamətində müsbət irəliləyişləri də məmnuniyyətlə qarşılayırıq. Cənubi Afrika vəziyyəti izləməyə davam edəcək və regionda daimi sülhün təşviqi üçün beynəlxalq diplomatik səylərə hazırdır.

– Ölkəniz yaxın gələcəkdə Azərbaycanda səfirlik və ya konsulluq aça bilərmi?

– Azərbaycanın ölkəmizdə səfirliyi fəaliyyət göstərir. CAR yaxın gələcəkdə yaradılacaq diplomatik missiyası vasitəsilə Azərbaycanla əlaqələri daha da gücləndirmək niyyətindədir.

– Yaxın günlərdə hansısa yüksək səviyyəli səfərlər gözlənilirmi?

– İki ölkə arasında son bir neçə ildə yüksək vəzifəli şəxslərlə məsləhətləşmələr və nazir müavinləri səviyyəsində ikitərəfli danışıqlar aparılıb. Cənubi Afrika Azərbaycanla strateji tərəfdaşlığa əhəmiyyət verir və bu tərəfdaşlıq Əməkdaşlıq üzrə Birgə Komissiya vasitəsilə möhkəmləndirilməlidir.

– Yəqin ki, Azərbaycan yeməklərinin dadına baxmısınız. Hansını çox bəyənirsiniz? Ümumiyyətlə, Azərbaycanla bağlı təəssüratlarınız necədir?

– Azərbaycan mətbəxindən daddığım yeməklər indiyə qədər dünyada yediyim yeməklərin ən ləzizlərindəndir. Azərbaycan gözəl ölkədir, xüsusilə Bakı təmiz şəhərlərdən biridir. Müasir və qədim memarlığın vəhdəti ölkəyə çox unikal mənzərə bəxş edir.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir