İçeriğe geçmek için "Enter"a basın

“Vəkillik sahəsində fəaliyyət gənc hüquqşünaslarda inandırma və konstruktiv düşüncə bacarığını inkişaf etdirəcək” – MÜSAHİBƏ Son xəbərlər


“Vəkillik sahəsində fəaliyyət gənc hüquqşünaslarda inandırma və konstruktiv düşüncə bacarığını inkişaf etdirəcək” - MÜSAHİBƏ

Bakı, 16 may, AZƏRTAC

“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova təşkilatın fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Bilirik ki, artıq 8 aydır “Femida Könüllüləri” Təşkilatı fəaliyyət göstərir. Ötən müddət ərzində təşkilatınız bir çox işlərə imza atıb, o cümlədən keçən ay Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə vəkillik sahəsində könüllülüyün təşkilinə dair memorandum imzalanıb. Bu əməkdaşlıq “Femida Könüllüləri”nə və digər gənclərə nələr vəd edir?

-Bu əməkdaşlıq ilk növbədə könüllülərimizə vəkillik sahəsində də təcrübələrini genişləndirmək üçün imkanlar yaradacaq. Bəzi təhlillər nəticəsində belə qənaətə gəldik ki, hüquq sahəsində könüllü fəaliyyət yalnız məhkəmələrlə çərçivələnməməlidir. Vəkillik fəaliyyəti məhkəmə prosesinin ayrılmaz subyektidir. Hər nə qədər qərar məhkəmələr tərəfindən verilsə də, ədalət mühakiməsində vəkil mövqeyi ciddi rol oynayır. Bu da özlüyündə nəzəri bilikdən əlavə təcrübə, inandırma və konstruktiv düşüncə bacarıqlarını tələb edir. Bu səbəbdən gənc hüquqşünasların tələbəlik illərindən etibarən təhsil aldıqları sahə üzrə peşəkar mühitdə olmaları bu bacarıqların onlarda formalaşması və inkişafına təsirsiz ötüşməyəcək. Qeyd olunanları nəzərə alsaq, könüllülərimizin bu sahədə fəaliyyəti onların gələcək karyeraları üçün önəmlidir. Bu fəaliyyət könüllülərə hüququn müxtəlif aspektlərini öyrənərək, məsələləri həll etmək üçün faydalı təcrübə əldə etmək imkanı verəcək.

-Vəkillər Kollegiyası ilə əməkdaşlığın perspektivi nədən ibarətdir?

-Vəkillər Kollegiyası ilə əməkdaşlığa əsasən artıq iyundan etibarən könüllülərimiz “STEP 1” mərhələsi üzrə müəyyənləşdirilmiş ərazi vahidlərinin vəkil bürolarında, “STEP 2” mərhələsi üzrə isə Vəkillər Kollegiyasının Aparatı, Kollegiyanın Hüquqi Yardım Mərkəzi və Kollegiyanın Akademiyasında fəaliyyət göstərmə şansı əldə edəcəklər. Bundan əlavə, Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatının birgə sosial və ixtisas yönümlü layihələrin icrası nəzərdə tutulur. Eyni zamanda əməkdaşlıq çərçivəsində təşkilatın Kollegiyanın elmi-metodiki bazasına çıxışın təmin edilməsi planlaşdırılır.

-Bəs könüllülük işi necə təşkil olunacaq?

-Namizədlər məhkəmə modulunda olduğu kimi, qeydiyyatdan keçdikdən qısa bir müddət sonra müsahibəyə dəvət edilir. Müsahibə zamanı təbiidir ki, namizədə daha çox vəkillik sahəsi ilə bağlı suallar veriləcək. Müsahibənin gedişatında həmçinin namizəd təklif edilən vəkil bürolarından birini seçə bilər. Müsahibə nəticələrinə uyğun olaraq könüllülər “STEP 1” mərhələsi üzrə seçdikləri vəkil bürolarında 3 aylıq (həftədə 4 dəfə olmaqla) fəaliyyətə başlayır. Könüllünün 3 aylıq fəaliyyəti bu müddətdə müvafiq koordinator tərəfindən müşayiət edilir.

-Digər hansı yeni layihələr nəzərdə tutulub?

-Müəyyən layihələrimiz var ki, bunlar davamlı xarakter daşıyır. Bunlara “Legal Meetup”, “Arbitrain” və “Femida TV” aiddir. “Legal Meetup” layihəsinin məqsədi hüquq sahəsində ixtisaslaşmış hüquqşünaslarla görüşlərin təşkili, könüllülərin nəzəri biliklərlə yanaşı, praktiki məlumatlıq səviyyəsinin artırılmasıdır. “Arbitrain” layihəsinin məqsədi arbitraj hüququ sahəsində ilkin anlayış və prinsiplər haqqında məlumat almaqdan ibarətdir. “Femida TV” isə gənc hüquqşünasların, o cümlədən digər gənclərin hüquq sahəsində çalışan mütəxəssislərlə kommunikasiyanın möhkəmləndirilməsi, onların bu sahədə peşəkar fəaliyyətə marağının daha da artırılması məqsədini daşıyır.

“Arbitrain” layihəmiz artıq yekunlaşdı, könüllülər sertifikatlarla təltif edildilər. Hətta könüllülərimiz “Azərbaycan Arbitraj Günləri” adlı tədbirdə də həm izləyici, həm də təşkilatçı komitə qismində iştirak etdilər. “Legal Meetup” layihəsi üçün də yeni qonaqlarımız var, hətta layihə bu yaxınlarda Naxçıvanda da həyata keçiriləcək. “Femida TV”nin isə keçdiyimiz həftə birinci buraxılışı izləyicilərə təqdim olundu. Həm könüllülərimiz, həm də cəmiyyət tərəfindən bu layihə çox müsbət qarşılandı.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir