İçeriğe geçmek için "Enter"a basın

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb Son xəbərlər


Bakı, 26 aprel, AZƏRTAC

Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birlikdə Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi və Genişləndirilmiş İmmunizasiya Proqramının 50 illiyinin qeyd olunması münasibətilə silsilə tədbirlər keçirməyə başlayıb.

Bu barədə AZƏRTAC-a ÜST-ün ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.

1974-cü ildə ÜST-nin təşəbbüsü ilə yaradılmış Genişləndirilmiş İmmunizasiya Proqramı ilk gündən etibarən peyvənd kampaniyaları vasitəsilə icmaların həyati təhlükəsi olan xəstəliklərdən qorunmasında mühüm rol oynayıb. Həmin proqram hər il 5 milyona qədər insanın həyatını xilas etməklə XX və XXI əsrlərin ən böyük ictimai səhiyyə uğurlarından birinə çevrilib. Son beş onillikdə proqram sayəsində çiçək xəstəliyinin aradan qaldırılması və ÜST-nin Avropa Regionunda 2003-cü ildə poliomielitin eradikasiya olunması da daxil olmaqla mühüm nəticələr əldə edilib. Bundan əlavə, qızılca, məxmərək və digər yoluxucu xəstəliklərin yayılmasında əhəmiyyətli dərəcədə azalma baş verib.

İmmunlaşdırma Proqramı sahəsindəki uğurları qeyd etmək və peyvəndin əhəmiyyəti haqqında məlumatlılığı artırmaq üçün Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində Azərbaycanda silsilə tədbirlər təşkil olunub.

Aprelin 23-27-də “Hər evdə TƏBİB” kampaniyası çərçivəsində yaradılmış səyyar həkim briqadaları Ağdaş rayonuna səfər ediblər. Onlar kəndləri ziyarət edərək immunizasiya və digər ilkin səhiyyə xidmətləri göstəriblər. Bakıdan dəvət olunmuş pediatrlar valideynlərlə maarifləndirici görüşlər keçirərək onları övladlarını peyvənd etməyə təşviq ediblər.

Qeyd edək ki, kampaniyadan əvvəl səyyar briqada heyəti və icma liderlərinin ən son bilik və bacarıqlarla təchiz olunmasını təmin etmək üçün təlimlər keçirilib.

Kampaniya müddətində əhaliyə uşaqların immunizasiyası və valideynlərin peyvənd tərəddüdü ilə bağlı suallarını cavablandırmaq məqsədilə hazırlanmış müxtəlif növ maarifləndirici materiallar təqdim olunub.

Xatırladaq ki, Azərbaycanda rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin ölkəmizdəki nümayəndəliyi 2021-ci ilin iyunundan etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üçillik “Vaksinasiyaya dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir